Surə 58 · Cüz 28
Al-Mujadila · 58:8
أَلَمْ تَرَ إِلَى الَّذِينَ نُهُوا عَنِ النَّجْوَىٰ ثُمَّ يَعُودُونَ لِمَا نُهُوا عَنْهُ وَيَتَنَاجَوْنَ بِالْإِثْمِ وَالْعُدْوَانِ وَمَعْصِيَتِ الرَّسُولِ وَإِذَا جَاءُوكَ حَيَّوْكَ بِمَا لَمْ يُحَيِّكَ بِهِ اللَّهُ وَيَقُولُونَ فِي أَنْفُسِهِمْ لَوْلَا يُعَذِّبُنَا اللَّهُ بِمَا نَقُولُ ۚ حَسْبُهُمْ جَهَنَّمُ يَصْلَوْنَهَا ۖ فَبِئْسَ الْمَصِيرُ
8. Gizli söhbət qadağan ediləndən sonra yenə də qadağan olunmuş əmələ qayıdıb günah, düşmənçilik və Peyğəmbərə qarşı çıxmaq barədə öz aralarında xısın-xısın danışanları görmədinmi? Onlar sənin yanına gəldikdə səni Allahın salamladığı kimi salamlamır və öz-özlərinə: “Bəs niyə Allah bizi dediklərimizə görə cəzalandırmır?”– deyirlər. Cəhənnəm onlara yetər. Onlar orada yanacaqlar. Ora necə də pis dönüş yeridir!
Təfsir
Ey Peyğəmbər! Məgər yəhudilərin mömin adamı gördükdə, öz aralarında xəlvətcə, yavaş-yavaş söhbət etdiklərini görmədinmi?! Allah onlara gizli söhbəti qadağan etdikdən sonra yenə də Allahın qadağan etdiyi əmələ qayıdıb möminlərin qeybətini etmək, onlarla ədavət aparmaq və Peyğəmbərə qarşı çıxmaq kimi günah işlər barədə öz aralarında altdan-altdan danışırlar. Ey Peyğəmbər! Onlar Sənin yanına gəldikdə isə, səni Allahın salamladığı kimi salamlamır, sənə: "Əssamu aleykə/sənə ölüm olsun" – deyir və həmçinin, Peyğəmbərin (səllallahu aleyhi və sələm) yalançı olduğunu göstərmək üçün öz aralarında: “Bəs niyə Allah bizi dediklərimizə görə cəzalandırmır?! Əgər onun peyğəmbərlik iddiası doğru olsaydı, Allah bizi, bu danışdıqlarımıza görə cəzalandırardı” – deyirlər. Onların dediyi sözlərə görə cəzası olaraq Cəhənnəm onlara yetər. Onlar orada yanacaqlar. Ora necə də pis dönüş yeridir!