Surə 41 · Cüz 25
Fussilat · 41:50
وَلَئِنْ أَذَقْنَاهُ رَحْمَةً مِنَّا مِنْ بَعْدِ ضَرَّاءَ مَسَّتْهُ لَيَقُولَنَّ هَٰذَا لِي وَمَا أَظُنُّ السَّاعَةَ قَائِمَةً وَلَئِنْ رُجِعْتُ إِلَىٰ رَبِّي إِنَّ لِي عِنْدَهُ لَلْحُسْنَىٰ ۚ فَلَنُنَبِّئَنَّ الَّذِينَ كَفَرُوا بِمَا عَمِلُوا وَلَنُذِيقَنَّهُمْ مِنْ عَذَابٍ غَلِيظٍ
50. Başına gələn bəladan sonra Özümüzdən ona bir mərhəmət daddırsaq, mütləq deyər: “Bu mənim haqqımdır və Mən o Saatın (Qiyamətin) gələcəyini güman etmirəm. Rəbbimə qaytarılsam belə, Onun yanında mənim üçün ən gözəl nemət hazırlanar!” Biz kafirlərə nə etdiklərini mütləq xəbər verəcək və onlara hökmən ağır bir əzab daddıracağıq.
Təfsir
Əgər onun başına gələn bəladan və xəstəlikdən sonra, Biz sağlamlıq, zənginlik və əmin-amanlıq daddırsaq, mütləq deyər: “Bu mənə məxsusdur, çünki mən buna layiqəm, bu mənim haqqımdır və Mən qiyamət saatının gələcəyini güman etmirəm. Əgər qiyamətin qopacağını fərz etsək belə, yenə Allah yanında mənim var-dövlətim və malım olacaq. Necə ki, mən bu dünyada o var-dövlətə layiq olduğum üçün Allah onu mənə əta edib, eləcə də, axirətdə onu mənə əta edəcəkdir.” Biz Allaha küfr edənlərə etdikləri küfr və asiliklər barədə mütləq xəbər verəcək və onlara hökmən şiddətli bir əzab daddıracağıq.