Surə 33 · Cüz 22
Al-Ahzab · 33:50
يَا أَيُّهَا النَّبِيُّ إِنَّا أَحْلَلْنَا لَكَ أَزْوَاجَكَ اللَّاتِي آتَيْتَ أُجُورَهُنَّ وَمَا مَلَكَتْ يَمِينُكَ مِمَّا أَفَاءَ اللَّهُ عَلَيْكَ وَبَنَاتِ عَمِّكَ وَبَنَاتِ عَمَّاتِكَ وَبَنَاتِ خَالِكَ وَبَنَاتِ خَالَاتِكَ اللَّاتِي هَاجَرْنَ مَعَكَ وَامْرَأَةً مُؤْمِنَةً إِنْ وَهَبَتْ نَفْسَهَا لِلنَّبِيِّ إِنْ أَرَادَ النَّبِيُّ أَنْ يَسْتَنْكِحَهَا خَالِصَةً لَكَ مِنْ دُونِ الْمُؤْمِنِينَ ۗ قَدْ عَلِمْنَا مَا فَرَضْنَا عَلَيْهِمْ فِي أَزْوَاجِهِمْ وَمَا مَلَكَتْ أَيْمَانُهُمْ لِكَيْلَا يَكُونَ عَلَيْكَ حَرَجٌ ۗ وَكَانَ اللَّهُ غَفُورًا رَحِيمًا
50. Ey Peyğəmbər! Mehrlərini verdiyin zövcələrini, Allahın sənə bəxş etdiklərindən sahib olduğun cariyələri, səninlə birlikdə hicrət etmiş əmin qızlarını, bibilərinin qızlarını, dayın qızlarını, xalalarının qızlarını, habelə Peyğəmbər onunla evlənmək istədiyi təqdirdə özünü Peyğəmbərə bağışlayan hər hansı bir mömin qadını sənə halal etdik. Sonuncusu digər möminlərə deyil, yalnız sənə məxsusdur. Onlara zövcələri və sahib olduqları cariyələr barəsində nəyi vacib buyurduğumuzu bilirik. Belə etdik ki, sənə bir çətinlik olmasın. Allah Bağışlayandır, Rəhmlidir.
Təfsir
Ey Peyğəmbər! Mehrlərini verdiyin zövcələrini və Allahın sənə bəxş etdiklərindən sahib olduğun cariyələri sənə halal etdik, habelə, səninlə birlikdə Məkkədən Mədinəyə hicrət etmiş əmin qızları, bibilərinin qızları, dayın qızları və xalalarının qızları ilə nikaha girməyi halal etdik, eləcə də, heç bir mehr vermədən özünü sənə hədiyyə edən mömin qadınla evlənməyi sənə halal etdik. Özünü hədiyyə edən qadınla evlənmək, bu ümmətdən heç kəsə yox, ancaq məxsusi olaraq Peyğəmbərə (səllallahu aleyhi və səlləm) caizdir. Biz möminlərə zövcələri barədə nəyi vacib buyurduğumuzu bilirik. Belə ki, onlara eyni vaxtda dörd qadından artıq qadınla evlənmək icazəli deyil. Habelə, onlara sahib olduqları cariyələr barədə nə buyurduğumuzu da bilirik. Belə ki, onlar istədikləri sayda cariyədən istifadə edə bilər. Biz sənə evlənməsinə icazə verdiklərimizdən bəzisini başqalarına icazə vermədik. Biz bunu, sənə sıxıntı və məşəqqət olmasın deyə belə etdik. Allah Öz qullarından tövbə edən kimsələri bağışlayandır, onlara rəhm edəndir.