Surə 33 · Cüz 21
Al-Ahzab · 33:5
ادْعُوهُمْ لِآبَائِهِمْ هُوَ أَقْسَطُ عِنْدَ اللَّهِ ۚ فَإِنْ لَمْ تَعْلَمُوا آبَاءَهُمْ فَإِخْوَانُكُمْ فِي الدِّينِ وَمَوَالِيكُمْ ۚ وَلَيْسَ عَلَيْكُمْ جُنَاحٌ فِيمَا أَخْطَأْتُمْ بِهِ وَلَٰكِنْ مَا تَعَمَّدَتْ قُلُوبُكُمْ ۚ وَكَانَ اللَّهُ غَفُورًا رَحِيمًا
5. Oğulluğa götürdüyünüz uşaqları öz atalarının adları ilə çağırın. Bu, Allah yanında daha ədalətlidir. Atalarını tanımasanız, onlar sizin din qardaşlarınız və yaxınlarınızdır. Səhvən etdiyiniz əməllərdə sizə heç bir günah yoxdur. Lakin qəlbinizin qəsdlə etdiyi işlərdən ötrü sizə günah var. Allah Bağışlayandır, Rəhmlidir.
Təfsir
Oğullarınız olduğunu iddia etdiyiniz uşaqları öz doğma atalarına mənsub edin. Onları doğma atalarına mənsub etmək Allah yanında daha ədalətlidir. Onları mənsub edəcək doğma atalarını tanımasanız, o halda onlar sizin din qardaşlarınız və köləlikdən azad etdiyiniz kəslərdir. Onları: "Qardaşım!", yaxud "Əmim oğlu!"- deyə çağırın. Sizlərdən birinin oğulluğa götürdüyü uşağı səhvən özünə mənsub etməsində heç bir günah yoxdur. Lakin bunu bilərəkdən dilinizə gətirməkdə sizə günah vardır. Allah Öz qullarından tövbə edən kəsləri bağışlayar, onlara rəhm edər. Belə ki, xəta etdiklərinə görə onları cəzalandırmaz.