Surə 60 · Cüz 28
Al-Mumtahanah · 60:4
قَدْ كَانَتْ لَكُمْ أُسْوَةٌ حَسَنَةٌ فِي إِبْرَاهِيمَ وَالَّذِينَ مَعَهُ إِذْ قَالُوا لِقَوْمِهِمْ إِنَّا بُرَآءُ مِنْكُمْ وَمِمَّا تَعْبُدُونَ مِنْ دُونِ اللَّهِ كَفَرْنَا بِكُمْ وَبَدَا بَيْنَنَا وَبَيْنَكُمُ الْعَدَاوَةُ وَالْبَغْضَاءُ أَبَدًا حَتَّىٰ تُؤْمِنُوا بِاللَّهِ وَحْدَهُ إِلَّا قَوْلَ إِبْرَاهِيمَ لِأَبِيهِ لَأَسْتَغْفِرَنَّ لَكَ وَمَا أَمْلِكُ لَكَ مِنَ اللَّهِ مِنْ شَيْءٍ ۖ رَبَّنَا عَلَيْكَ تَوَكَّلْنَا وَإِلَيْكَ أَنَبْنَا وَإِلَيْكَ الْمَصِيرُ
4. İbrahim və onunla birlikdə olanlarda sizin üçün gözəl bir nümunə var. Onlar öz qövmünə dedilər: “Həqiqətən, biz sizdən və sizin Allahdan başqa tapındığınız şeylərdən uzağıq. Biz sizi inkar edirik. Siz bir olan Allaha iman gətirincəyə qədər bizimlə sizin aranızda daim ədavət və nifrət olacaq!” Yalnız İbrahimin öz atasına: “Mən sənin üçün mütləq bağışlanma diləyəcəyəm. Fəqət Allahdan sənə gələn əzabı dəf edə bilmərəm!”– deməsi istisnadır. Onlar dedilər: “Ey Rəbbimiz! Biz yalnız Sənə təvəkkül edir və yalnız Sənə üz tuturuq. Dönüş də yalnız Sənədir.
Təfsir
Ey möminlər! İbrahim (aleyhissəlam) və onunla birlikdə olan möminlərdə sizin üçün gözəl bir nümunə vardır. Onlar öz kafir qövmünə demişdilər: “Həqiqətən, biz sizdən və sizin Allahdan başqa tapındığınız bütlərdən uzağıq. Biz sizin dininizi inkar edirik. Siz tək olan Allaha iman gətirib heç kəsi Ona şərik qoşmayanadək bizimlə sizin aranızda daim ədavət və nifrət olacaqdır!” Siz də, (ey möminlər) onlar kimi öz kafir qövmünüzdən uzaq olmalısınız. Yalnız İbrahimin (aleyhissəlam) öz atasına: “Mən sənin üçün Allahdan mütləq bağışlanma diləyəcəm"- deməsi istisnadır. Siz onun kimi deməyin. Çünki bu hadisə, İbrahimin (aleyhissəlam) öz atasının iman gətirməsindən ümidini üzməmişdən əvvəl baş vermişdir. Mömin kimsə müşrik üçün bağışlanma diləyə bilməz. (İbrahim aleyhissəlam davam edib dedi:) "Lakin Allahdan sənə gələn əzabdan heç bir şeyi dəf edə bilməyəcəm!” (Onlar dedilər:) “Ey Rəbbimiz! Biz bütün işlərimizdə yalnız Sənə təvəkkül edir və tövbə edərək yalnız Sənə üz tuturuq. Qiyamət günü də dönüş yalnız Sənədir.