Surə 57 · Cüz 27
Al-Hadid · 57:27
ثُمَّ قَفَّيْنَا عَلَىٰ آثَارِهِمْ بِرُسُلِنَا وَقَفَّيْنَا بِعِيسَى ابْنِ مَرْيَمَ وَآتَيْنَاهُ الْإِنْجِيلَ وَجَعَلْنَا فِي قُلُوبِ الَّذِينَ اتَّبَعُوهُ رَأْفَةً وَرَحْمَةً وَرَهْبَانِيَّةً ابْتَدَعُوهَا مَا كَتَبْنَاهَا عَلَيْهِمْ إِلَّا ابْتِغَاءَ رِضْوَانِ اللَّهِ فَمَا رَعَوْهَا حَقَّ رِعَايَتِهَا ۖ فَآتَيْنَا الَّذِينَ آمَنُوا مِنْهُمْ أَجْرَهُمْ ۖ وَكَثِيرٌ مِنْهُمْ فَاسِقُونَ
27. Sonra onların ardınca dalbadal elçilərimizi yolladıq. Sonra Məryəm oğlu İsanı göndərib ona İncil bəxş etdik. Onun ardınca gedənlərin qəlblərinə şəfqət və mərhəmət saldıq. Rahibliyi isə onlar özlərindən icad etdilər. Biz bunu onlara vacib buyurmamışdıq. Onlar bunu Allahın razılığını qazanmaq üçün etdilər, lakin ona lazımınca riayət etmədilər. Biz onlardan iman gətirənlərin mükafatlarını verdik. Onların çoxu isə fasiqlərdir.
Təfsir
Sonra onların ardınca dalbadal elçilərimizi öz ümmətlərinə yolladıq. Ardınca da Məryəm oğlu İsanı göndərib ona İncil bəxş etdik. Ona iman gətirənlərin və onun ardınca gedənlərin qəlblərinə şəfqət və mərhəmət saldıq. Onlar bir-birilərini sevən və bir-birilərinə mərhəmət göstərən kimsələr idilər. Sonra nəsranilər dinlərində ifrata varmaqla, habelə, özlərini Allahın onlara halal buyurduğu nikahdan və digər ləzzətlərdən məhrum etməklə yenilik gətirdilər. Biz bunu onlardan tələb etməmişdik, sadəcə olaraq onlar özləri dinə yenilik gətirərək bunu özlərinə vacib etmişdilər. Biz onlardan Allahın razılığını qazanmağı tələb etdik, lakin onlar buna əməl etmədilər. Biz onlardan iman gətirənlərin mükafatlarını verdik. Lakin onların çoxu Muhəmmədin (səllallahu aleyhi və səlləm) onlara gətirdiyi risaləti yalan saymaqla Allahın itaətindən çıxmış kimsələrdir.