Surə 39 · Cüz 23
Az-Zumar · 39:7
إِنْ تَكْفُرُوا فَإِنَّ اللَّهَ غَنِيٌّ عَنْكُمْ ۖ وَلَا يَرْضَىٰ لِعِبَادِهِ الْكُفْرَ ۖ وَإِنْ تَشْكُرُوا يَرْضَهُ لَكُمْ ۗ وَلَا تَزِرُ وَازِرَةٌ وِزْرَ أُخْرَىٰ ۗ ثُمَّ إِلَىٰ رَبِّكُمْ مَرْجِعُكُمْ فَيُنَبِّئُكُمْ بِمَا كُنْتُمْ تَعْمَلُونَ ۚ إِنَّهُ عَلِيمٌ بِذَاتِ الصُّدُورِ
7. Küfr etsəniz, bilin ki, Allah sizə möhtac deyil. O, qullarının kafirlik etməsinə razı olmaz. Əgər şükür etsəniz, buna görə sizdən razı qalar. Heç bir günahkar başqasının günah yükünü daşımaz. Sonra Rəbbinizin yanına qayıdacaqsınız. O sizə nə etdiklərinizi bildirəcək. Həqiqətən, O, kökslərdə olanları bilir.
Təfsir
Ey insanlar, əgər Rəbbinizə küfr etsəniz, bilin ki, Allah sizin iman gətirmənizə möhtac deyildir və sizin küfr etməyiniz də Ona zərər verməz, əksinə, sizin etdiyiniz küfrün zərəri yalnız özünüzə qayıdar. Qullarının Ona küfr etməsi Ona xoş getməz və O, Öz qullarına küfr etməyi əsla buyurmaz. Belə ki, Allah murdar əmələri və günah işləri əmr etməz. Əgər Allahın sizə əta etdiyi nemətlərə görə Ona şükür etsəniz və Ona iman gətirsəniz, O, bu şükrünüzə görə sizdən razı qalar və buna görə sizə mükafat verər. Heç bir kəs başqa birisinin günahını daşımaz, əksinə, hər kəs özünün qazandığı günahın girovudur. Sonra qiyamət günü siz yalnız Rəbbinizin hüzuruna qayıdacaqsınız. O sizə dünyada ikən nə əməllər etdiyinizi bildirəcək və sizə etdiyiniz əməllərin əvəzini verəcək. Həqiqətən, pak və müqəddəs Allah, qullarının qəlbində olanları bilir və qəlblərdə olanlardan heç bir şey Ona gizli qalmaz.