Surə 11 · Cüz 11
Hud · 11:3
وَأَنِ اسْتَغْفِرُوا رَبَّكُمْ ثُمَّ تُوبُوا إِلَيْهِ يُمَتِّعْكُمْ مَتَاعًا حَسَنًا إِلَىٰ أَجَلٍ مُسَمًّى وَيُؤْتِ كُلَّ ذِي فَضْلٍ فَضْلَهُ ۖ وَإِنْ تَوَلَّوْا فَإِنِّي أَخَافُ عَلَيْكُمْ عَذَابَ يَوْمٍ كَبِيرٍ
3. Həm də Rəbbinizdən bağışlanma diləyəsiniz, sonra da tövbə edəsiniz ki, O sizə müəyyən olunmuş vaxtadək gözəl gün-güzəran nəsib etsin və hər fəzilət sahibinə Öz lütfündən versin. Əgər Ondan üz çevirsəniz, bilin ki, mən sizə üz verəcək əzəmətli günün əzabından qorxuram.
Təfsir
Ey insanlar! Rəbbinizdən günahlarınızın bağışlanmasını diləyin. Allaha qarşı etdiyiniz etinasızlıqlara görə peşmançılıq hissi keçirərək, Ona tərəf dönün. Əgər belə etsəniz, O, əcəliniz gələnə qədər dünya həyatınızda sizə gözəl gün-güzəran nəsib edər və Öz lütfündən hər fəzilət sahibinə etdiyi itaətin mükafatını kamil şəkildə və heç bir naqislik edilmədən verər. Əgər siz Rəbbimdən gətirdiyim Qurana iman etməkdən üz çevirsəniz, bilin ki, mən sizə şiddətli bir günün – qiyamət gününün – sizə üz verəcək əzabından qorxuram.