Surə 10 · Cüz 11
Yunus · 10:15
وَإِذَا تُتْلَىٰ عَلَيْهِمْ آيَاتُنَا بَيِّنَاتٍ ۙ قَالَ الَّذِينَ لَا يَرْجُونَ لِقَاءَنَا ائْتِ بِقُرْآنٍ غَيْرِ هَٰذَا أَوْ بَدِّلْهُ ۚ قُلْ مَا يَكُونُ لِي أَنْ أُبَدِّلَهُ مِنْ تِلْقَاءِ نَفْسِي ۖ إِنْ أَتَّبِعُ إِلَّا مَا يُوحَىٰ إِلَيَّ ۖ إِنِّي أَخَافُ إِنْ عَصَيْتُ رَبِّي عَذَابَ يَوْمٍ عَظِيمٍ
15. Açıq-aydın ayələrimiz onlara oxunduğu zaman Bizimlə qarşılaşacaqlarına ümid etməyənlər deyərlər: “Bizə bundan başqa bir Quran gətir və ya onu dəyişdir!” De: “Mən onu öz istəyimlə dəyişdirə bilmərəm. Mən yalnız mənə vəhy olunana tabe oluram. Əgər Rəbbimə asi olsam, böyük günün əzabından qorxuram”.
Təfsir
Allahın təkliyinə dəlalət edən açıq-aydın Quran ayələri onlara oxunduğu zaman Allahın əzabından qorxmayan, Onun savabına ümid etməyənlər və öldükdən sonra diriləcəklərini inkar edən kimsələr: "Ey Muhamməd! Bizə bütlərə ibadət etməyi qadağan etməyən, yaxud bizim nəfsimizin istəyinə uyğun olaraq bəzi və ya bütün ayələri dəyişdirilmiş başqa bir Quran gətir!" – deyərlər. Ey Peyğəmbər! Onlara de: "Mənim onu öz istəyimlə dəyişməyim düzgün deyil, mən onu əsla dəyişdirədə bilmərəm. Onu yalnız Allah istədiyi kimi dəyişə bilər. Mən yalnız Allahın mənə vəhy etdiyi ayələrə tabe oluram. Əgər mən sizin istəyinizi yerinə yetirib Rəbbimə asi olsam, böyük günün, qiyamət gününün əzabından qorxuram".