Surə 9 · Cüz 11
At-Tawbah · 9:117
لَقَدْ تَابَ اللَّهُ عَلَى النَّبِيِّ وَالْمُهَاجِرِينَ وَالْأَنْصَارِ الَّذِينَ اتَّبَعُوهُ فِي سَاعَةِ الْعُسْرَةِ مِنْ بَعْدِ مَا كَادَ يَزِيغُ قُلُوبُ فَرِيقٍ مِنْهُمْ ثُمَّ تَابَ عَلَيْهِمْ ۚ إِنَّهُ بِهِمْ رَءُوفٌ رَحِيمٌ
117. Allah, müsəlmanlardan bəzilərinin qəlbi cihaddan yayınmaq üzrə olduqdan sonra, Peyğəmbərin də, çətin vaxtda onun ardınca gedən mühacirlərin və ənsarın da əvvəlcə tövbəsini qəbul etdi, sonra da onları bağışladı. Çünki Allah onlara qarşı çox şəfqətlidir, rəhmlidir.
Təfsir
Allah, müsəlmanlardan bəzilərinin çətinlik üzündən az qala qəlbi cihaddan yayınıb, Təbuk döyüşünü tərk etmək istədikdən sonra, Muhəmməd Peyğəmbərin (sallallahu aleyhi və səlləm) də, münafiqlərə Təbuk döyüşündən geridə qalmağa icazə verdiyi üçün və həmçinin isti havada və çətin bir vaxta, düşmənlərin özlərindən qüvvətli olduğu bir döyüşdə Peyğəmbəri tək buraxmayan, əksinə, Təbuk döyüşünə Peyğəmbərin ardınca, çiyin-çiyinə döyüşə gedən mühacirlərin və ənsarın da əvvəlcə tövbəsini qəbul etdi, sonra da onları döyüşdə sabitqədəm edib, düşmənlə döyüş meydanında üz-üzə gəlməyə müvəffəq edərək onları bağışladı. Həqiqətən, Uca Allah onlara qarşı çox rəhmlidir. Onları əvvəl tövbə etməyə müvəffəq edib sonra da onları bağışlaması, Allahın onlara olan bir mərhəmətidir.