Surə 7 · Cüz 9
Al-A'raf · 7:188
قُلْ لَا أَمْلِكُ لِنَفْسِي نَفْعًا وَلَا ضَرًّا إِلَّا مَا شَاءَ اللَّهُ ۚ وَلَوْ كُنْتُ أَعْلَمُ الْغَيْبَ لَاسْتَكْثَرْتُ مِنَ الْخَيْرِ وَمَا مَسَّنِيَ السُّوءُ ۚ إِنْ أَنَا إِلَّا نَذِيرٌ وَبَشِيرٌ لِقَوْمٍ يُؤْمِنُونَ
188. De: “Mən Allahın istədiyindən başqa özümə nə bir fayda, nə də bir zərər yetirməyə qadir deyiləm. Əgər qeybi bilsəydim, əlbəttə, özüm üçün xeyir artırardım və mənə pislik toxunmazdı. Mən sadəcə, iman gətirən bir qövm üçün qorxudan və müjdələyənəm”.
Təfsir
Ey Muhamməd! De: "Mən Allahın istədiyindən başqa özümə nə bir fayda verməyə, nə də bir zərəri özümdən uzaqlaşdırmağa qadirəm. Bu, yalnız Allahın ixtiyarında olan bir işdir. Allahın mənə öyrətdiyindən başqa bir şey bilmirəm. Mən qeybi bilmirəm. Əgər qeybi bilsəydim, əvvəlcədən hər şeyi bilib, sonunun necə qurtaracağını bildiyimə görə, əlbəttə, özüm üçün xeyir artıraran səbəblərdən yapışardım və özümü pisliklərdən qoruyardım. Mən sadəcə, Allah tərəfindən göndərilən bir elçiyəm. Mən, mənim uca və pak olan Allahın elçisi olduğuma iman gətirib, mənim gətirdiyimə inanan bir qövm üçün Onun ağrılı-acılı əzabı ilə qorxudan, Allah qatında böyük savabla müjdələyənəm".