Surə 7 · Cüz 9
Al-A'raf · 7:150
وَلَمَّا رَجَعَ مُوسَىٰ إِلَىٰ قَوْمِهِ غَضْبَانَ أَسِفًا قَالَ بِئْسَمَا خَلَفْتُمُونِي مِنْ بَعْدِي ۖ أَعَجِلْتُمْ أَمْرَ رَبِّكُمْ ۖ وَأَلْقَى الْأَلْوَاحَ وَأَخَذَ بِرَأْسِ أَخِيهِ يَجُرُّهُ إِلَيْهِ ۚ قَالَ ابْنَ أُمَّ إِنَّ الْقَوْمَ اسْتَضْعَفُونِي وَكَادُوا يَقْتُلُونَنِي فَلَا تُشْمِتْ بِيَ الْأَعْدَاءَ وَلَا تَجْعَلْنِي مَعَ الْقَوْمِ الظَّالِمِينَ
150. Musa qəzəbli və kədərli halda öz qövmünün yanına qayıtdıqda dedi: “Məndən sonra necə də yaramaz işlər görmüsünüz! Rəbbinizin əmrini qabaqlamaq istədiniz?” Musa lövhələri tulladı və qardaşının başından yapışıb özünə tərəf çəkdi. Qardaşı dedi: “Ey anamın oğlu! Həqiqətən, camaat məni zəif bilib az qala öldürəcəkdi. Məni rüsvay etməklə düşmənləri sevindirmə. Məni zalımlara tay tutma”.
Təfsir
Musa Rəbbi ilə danışdıqdan sonra qövmünün buzova ibadət etdiklərinə görə qəzəbli və kədərli halda öz qövmünün yanına qayıtdığı zaman onlara dedi: "Ey Qövmüm! Sizi qoyub getdikdən sonra məni gözləməkdən bezib, buzovu özünüzə məbud qəbul etməklə, sizi həlaka və bədbəxtçiliyə sürükləyən işlər görüb necə də pis bir hala düşdünüz?!" Musa ona üz vermiş qəzəb və hüznündən dolayı əlindəki lövhələri yerə atdı və qardaşı Harunun - aleyhissəlam -, onlarla birlikdə olarkən, onları buzova ibadət etdiklərinə mane olmadığı üçün onun başından və saqqalından yapışıb özünə tərəf çəkdi. Harun - aleyhissəlam - Musaya - aleyhissəlam - üzürxahlıq edib, könlünü almaq üçün ona dedi: "Ey anamın oğlu! Həqiqətən, camaat məni zəif hesab edib, məni rəzil etdilər və az qala ki, onlar məni öldürsünlər. Məni rüsvay etməklə düşmənlərimi sevindirmə. Mənə qəzəbləndiyinə görə məni Allahdan başqasına ibadət etməklə özlərinə zülüm edən zalım qövümlə tay tutma".