Surə 7 · Cüz 9
Al-A'raf · 7:143
وَلَمَّا جَاءَ مُوسَىٰ لِمِيقَاتِنَا وَكَلَّمَهُ رَبُّهُ قَالَ رَبِّ أَرِنِي أَنْظُرْ إِلَيْكَ ۚ قَالَ لَنْ تَرَانِي وَلَٰكِنِ انْظُرْ إِلَى الْجَبَلِ فَإِنِ اسْتَقَرَّ مَكَانَهُ فَسَوْفَ تَرَانِي ۚ فَلَمَّا تَجَلَّىٰ رَبُّهُ لِلْجَبَلِ جَعَلَهُ دَكًّا وَخَرَّ مُوسَىٰ صَعِقًا ۚ فَلَمَّا أَفَاقَ قَالَ سُبْحَانَكَ تُبْتُ إِلَيْكَ وَأَنَا أَوَّلُ الْمُؤْمِنِينَ
143. Musa təyin etdiyimiz vaxtda gəldikdə Rəbbi onunla danışdı. Musa dedi: “Ey Rəbbim! Özünü mənə göstər, Sənə baxım”. Allah dedi: “Sən məni görə bilməzsən. Lakin bu dağa bax. Əgər o, öz yerində qala bilsə, sən də Məni görəcəksən”. Rəbbi dağa göründükdə onu parça-parça etdi. Musa da bayılaraq yerə sərildi. Özünə gəldikdə isə dedi: “Sən pak və müqəddəssən! Sənə tövbə etdim və mən iman gətirənlərin birincisiyəm!”
Təfsir
Musa - aleyhissəlam, qırx gecənin tamamında, onun üçün təyin etdiyimiz vaxtda Rəbbi ilə danışmağa gəldikdə, Rəbbi onu bəzi əmrlər, qadağalar və s. işlər barədə danışdırdı. Bu zaman Musa - aleyhissəlam - Rəbbini görmək arzusuna düşdü və Allahdan Onu görməsini istədi. Pak və uca olan Allah ona belə cavab verdi: "Sənin buna taqətin çatmadığın üçün sən dünya həyatında heç vaxt məni görə bilməzsən. Lakin Mən bu dağa baxdığım zaman səndə həmin dağa bax. Əgər o, öz yerində dəyişməyib sabit qalarsa, sən Məni görə bilərsən. Əgər dağ yerlə bərabər olarsa, demək sən Məni dünyada heç vaxt görə bilməzsən". Allah dağa baxdıqda bu zaman dağ yerlə bərabər oldu və Musa - aleyhissəlam - bayılaraq yerə yıxıldı. Musa - aleyhissəlam - özünə gəldikdə isə dedi: "Ey Rəbb! Mən Səni, Sənə layiq olmayan bütün eyib və nöqsanlardan uzaq tuturam. Mən Səni dünyada ikən görmək üçün soruşduğumu bir daha Səndən soruşmağa tövbə edirəm və mən qövmümdən iman gətirənlərin birincisiyəm!"