Surə 6 · Cüz 8
Al-An'am · 6:119
وَمَا لَكُمْ أَلَّا تَأْكُلُوا مِمَّا ذُكِرَ اسْمُ اللَّهِ عَلَيْهِ وَقَدْ فَصَّلَ لَكُمْ مَا حَرَّمَ عَلَيْكُمْ إِلَّا مَا اضْطُرِرْتُمْ إِلَيْهِ ۗ وَإِنَّ كَثِيرًا لَيُضِلُّونَ بِأَهْوَائِهِمْ بِغَيْرِ عِلْمٍ ۗ إِنَّ رَبَّكَ هُوَ أَعْلَمُ بِالْمُعْتَدِينَ
119. Allah, – məcburiyyət qarşısında yeyəcəyiniz şeylər istisna olmaqla – haram buyurulanları təfsilatı ilə sizə bildirdiyi halda, üstündə Onun adı çəkilənlərdən nə üçün yeməyəsiniz? Şübhəsiz ki, çoxları elmsiz olduqları üçün öz istəklərinə uyub insanları doğru yoldan azdırırlar. Həqiqətən, sənin Rəbbin, həddi aşanları daha yaxşı tanıyır.
Təfsir
Ey Möminlər! Allah, – zərurət, qadağan olunan şeyləri halallaşdırır, qaydasına əsasən, məcburiyyət qarşısında zərurətdən yeyəcəyiniz şeylər istisna olmaqla – tərk etməniz vacib olan haram buyurulanları sizə bildirdiyi halda, üstündə Allahın adı çəkilənlərdən yeməyə sizə mane olan nədir? Şübhəsiz ki, müşriklərin əksəriyyəti cahilliklərinə görə yalnış düşüncələri səbəbindən, Allahın haram etdiyi ölmüş heyvanı və s. haramları halal edirlər və Allahın halal etdiyi bəhirəni (bu, müəyyən say bala verdikdən sonra qulaqları kəsilən dişi dəvədir), saibəni (bu, müəyyən yaşa çatdıqdan sonra bütləri üçün nəzir edilən dişi dəvədir), vəsiləni (bu, dişi dəvə doğduqdan sonra ardınca daha bir dişi dəvə doğan dişi dəvədir) və hamı (bu da, belindən bir necə sayda dəvə doğulan erkək dəvədir) və s. heyvanları haram edərək özlərinə tabe olanları doğru yoldan uzaqlaşdırırlar. Ey Peyğəmbər! Həqiqətən, sənin Rəbbin, Allahın hədlərini aşanları yaxşı tanıyır və onlar hədlərini aşdıqlarına görə Allah onların cəzalarını verəcəkdir.