Surə 48 · Cüz 26
Al-Fath · 48:29
مُحَمَّدٌ رَسُولُ اللَّهِ ۚ وَالَّذِينَ مَعَهُ أَشِدَّاءُ عَلَى الْكُفَّارِ رُحَمَاءُ بَيْنَهُمْ ۖ تَرَاهُمْ رُكَّعًا سُجَّدًا يَبْتَغُونَ فَضْلًا مِنَ اللَّهِ وَرِضْوَانًا ۖ سِيمَاهُمْ فِي وُجُوهِهِمْ مِنْ أَثَرِ السُّجُودِ ۚ ذَٰلِكَ مَثَلُهُمْ فِي التَّوْرَاةِ ۚ وَمَثَلُهُمْ فِي الْإِنْجِيلِ كَزَرْعٍ أَخْرَجَ شَطْأَهُ فَآزَرَهُ فَاسْتَغْلَظَ فَاسْتَوَىٰ عَلَىٰ سُوقِهِ يُعْجِبُ الزُّرَّاعَ لِيَغِيظَ بِهِمُ الْكُفَّارَ ۗ وَعَدَ اللَّهُ الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ مِنْهُمْ مَغْفِرَةً وَأَجْرًا عَظِيمًا
29. Muhəmməd Allahın Elçisidir. Onunla birlikdə olanlar kafirlərə qarşı sərt, öz aralarında isə mərhəmətlidirlər. Sən onları rüku edən, səcdəyə qapanan, Allahdan lütf və razılıq diləyən görərsən. Əlamətləri isə üzlərində olan səcdə izidir. Bu onların Tövratdakı vəsfidir. İncildə isə onlar elə bir əkin kimi vəsf olunurlar ki, bu əkin cücərtisini üzə çıxarıb onu qüvvətləndirmiş, o da getdikcə qalınlaşıb gövdəsi üstündə şax duraraq əkinçiləri heyran etmişdir. Allah möminlərin sayını artırır, özlərini də qüvvətləndirir ki, kafirləri qəzəbləndirsin. Allah onlardan iman gətirib yaxşı işlər görənlərə bağışlanma və böyük bir mükafat vəd etmişdir.
Təfsir
Muhəmməd Allahın rəsuludur. Onunla birlikdə olan səhabələri İslamın əleyhinə vuruşan kafirlərə qarşı sərt, öz aralarında isə mərhəmətlidirlər - bir-birilərinə rəhm edir və bir-birilərinə məhəbbət bəsləyirlər. Ey müşahidən edən kəs! Sən onları pak və müqəddəs Allahın qarşısında rüku edən və səcdəyə qapanan, Allahdan özlərinə məğfirət və gözəl mükafat istəyən, üstəlik, Allahın onlardan razılıq qalmasını diləyən görərsən. Səcdə etdiklərindən dolayı üzlərində əmələ gəlmiş əlamətləri isə üzlərində görünən hidayət, doğruluq və bir də namazın nurudur. Bu vəsf onların Tövratda - Musaya (aleyhissəlam) nazil olmuş kitabda olan vəsfidir. İncildə - İsaya (aleyhissəlam) nazil olmuş kitabda isə onlar bir-birinə dəstək verməkdə və kamil əxlaq sahib olmaqda elə bir əkin kimi vəsf olunurlar ki, bu əkin cücərtisini üzə çıxarıb onu qüvvətləndirmiş, o da getdikcə qalınlaşıb gövdəsi üstündə şax duraraq öz qüvvəsi və kamilliyi ilə əkinçiləri heyran etmişdir. Allah kafirləri qəzəbləndirmək üçün möminləri qüvvətləndirir, bir-birləri ilə mehriban edir və onları kamilliyə çatdırır. Allah səhabələrdən iman gətirib yaxşı işlər görənlərə günahlarının bağışlanmasını, buna görə cəzalandırılmayacaqlarını, üstəlik də, Öz tərəfindən böyük bir mükafat - Cənnət vəd etmişdir.