Surə 47 · Cüz 26
Muhammad · 47:4
فَإِذَا لَقِيتُمُ الَّذِينَ كَفَرُوا فَضَرْبَ الرِّقَابِ حَتَّىٰ إِذَا أَثْخَنْتُمُوهُمْ فَشُدُّوا الْوَثَاقَ فَإِمَّا مَنًّا بَعْدُ وَإِمَّا فِدَاءً حَتَّىٰ تَضَعَ الْحَرْبُ أَوْزَارَهَا ۚ ذَٰلِكَ وَلَوْ يَشَاءُ اللَّهُ لَانْتَصَرَ مِنْهُمْ وَلَٰكِنْ لِيَبْلُوَ بَعْضَكُمْ بِبَعْضٍ ۗ وَالَّذِينَ قُتِلُوا فِي سَبِيلِ اللَّهِ فَلَنْ يُضِلَّ أَعْمَالَهُمْ
4. Döyüşdə kafirlərlə qarşı-qarşıya gəldiyiniz zaman boyunlarını vurun. Nəhayət, onları qırıb zəiflətdikdə əsirlərə bağladığınız kəndirləri bərk çəkin. Sonra da onları ya rəhm edib fidyəsiz, ya da fidyə alıb azad edin. Müharibəyə son qoyulanadək kafirlərlə belə rəftar edin. Bax belə! Əgər Allah istəsəydi, onlardan döyüşsüz də intiqam alardı. Lakin O sizi biri-birinizlə sınağa çəkmək üçün belə etdi. Allah Öz yolunda öldürülənlərin əməllərini heç vaxt boşa çıxartmaz.
Təfsir
Ey möminlər! Sizə qarşı vuruşan kafirlərlə qarşı-qarşıya gəldiyiniz zaman qılınclarınızla onların boynunu vurun. Onları qırıb-çatanadək və onların müqavimətini sındıranadək onlarla vuruşun. Elə ki onları qırıb-çatdınız, əsirlərə bağladığınız kəndirləri bərk çəkin. Onları əsir götürdükdə, öz məsləhətinizə görə siz ixtiyar sahibisiniz, ya rəhm edib onlardan fidyə almadan, ya da mallarından və sairədən fidyə götürərək onları azad edə bilərsiniz. Kafirlər İslamı qəbul edənədək və ya əhd bağlayanadək onlarla vuruşun və onlardan əsirlər götürün. Möminlərin kafirlər vasitəsilə imtahan edilməsinin xatırlanması və günlərin dəyişgən olması - bəzən bunların onlara, bəzəndə onların bunlara qalib gəlməsi Allahın hikmətindəndir. Hərçənd Allah istəsəydi, kafirlərə qalib gəlmək üçün onlardan döyüşsüz intiqam alardı, lakin O, sizi bir-birinizlə imtahana çəkmək, möminlər arasında kimlərin vuruşduğunu, kimlərində döyüşdən yayındığını ayırd etmək və bir də kafiri möminlə sınamaq üçün cihadı əmr etdi. Belə ki, əgər mömin kimsə öldürülsə, Cənnətə daxil olar, yox əgər mömin kafiri oldürərsə, kafir Cəhənnəmlik olar. Allah yolunda öldürülənlərin isə əməllərini Allah heç vaxt puç etməz.