Surə 35 · Cüz 22
Fatir · 35:45
وَلَوْ يُؤَاخِذُ اللَّهُ النَّاسَ بِمَا كَسَبُوا مَا تَرَكَ عَلَىٰ ظَهْرِهَا مِنْ دَابَّةٍ وَلَٰكِنْ يُؤَخِّرُهُمْ إِلَىٰ أَجَلٍ مُسَمًّى ۖ فَإِذَا جَاءَ أَجَلُهُمْ فَإِنَّ اللَّهَ كَانَ بِعِبَادِهِ بَصِيرًا
45. Əgər Allah insanları etdikləri günahlara görə dərhal cəzalandırsaydı, yer üzündə bir canlını belə sağ buraxmazdı. Lakin Allah onlara müəyyən vaxtadək möhlət verir. Vaxtları çatanda isə hər kəsə öz əməlinə görə cəza, yaxud mükafat verəcəkdir. Şübhəsiz ki, Allah Öz qullarını görür.
Təfsir
Əgər Allah insanları etdikləri asiliklərə və qazandıqları günahlara görə dərhal cəzalandırsaydı, yer üzündəki canlıların hamısını, üstəlik, onların heyvanlarını və mal-dövlətlərini dərhal məhv edərdi. Lakin pak və müqəddəs Allah onlara Özünün bildiyi müəyyən edilmiş vaxtadək - Qiyamət gününədək möhlət verir. Qiyamət günü gəldikdə isə hər kəsə əməllərinin əvəzini - yaxşı əmələ görə mükafat, şər əmələ görə isə cəza verəcək. Şübhəsiz ki, Allah Öz qullarını görür, heç bir şey Ondan gizli qala bilməz.