Surə 16 · Cüz 14
An-Nahl · 16:12
وَسَخَّرَ لَكُمُ اللَّيْلَ وَالنَّهَارَ وَالشَّمْسَ وَالْقَمَرَ ۖ وَالنُّجُومُ مُسَخَّرَاتٌ بِأَمْرِهِ ۗ إِنَّ فِي ذَٰلِكَ لَآيَاتٍ لِقَوْمٍ يَعْقِلُونَ
12. O, gecəni və gündüzü, günəşi və ayı sizə xidmət etməyə yönəltdi. Ulduzlar da Onun əmri ilə ram edilmişdir. Sözsüz ki, bunlarda anlayan insanlar üçün əlamətlər vardır.
Təfsir
Uca Allah, istirahət edib, dincəlməniz üçün gecəni, azüqə əldə etməniz üçün isə gündüzü sizin ixtiyarınıza buraxdı. Günəş və ayı sizə ram etdi. O, günəşi parlaq bir işıq saçan çıraq, ayı isə işıldayan bir nur etdi. Ulduzlar da Onun qədəri əmri ilə sizə ram edilmişdir. Siz bu ulduzların vasitəsi ilə suyun və qurunun zülmətində yolunuzu düz getmək üçün istifadə edib, bununla vaxtları təyin edir, bunlardan və s. bu kimi daha başqa faydalar əldə edirsiniz. Sözsüz ki, bütün bunlarda ağıllarını işlədib dərk edən kimsələr üçün Allahın qüdrətinə dəlalət edən açıq-aydın əlamətlər vardır. Çünki bunların hikmətini düşünüb dərk edənlər elə məhz onlardır.