Surə 12 · Cüz 13
Yusuf · 12:76
فَبَدَأَ بِأَوْعِيَتِهِمْ قَبْلَ وِعَاءِ أَخِيهِ ثُمَّ اسْتَخْرَجَهَا مِنْ وِعَاءِ أَخِيهِ ۚ كَذَٰلِكَ كِدْنَا لِيُوسُفَ ۖ مَا كَانَ لِيَأْخُذَ أَخَاهُ فِي دِينِ الْمَلِكِ إِلَّا أَنْ يَشَاءَ اللَّهُ ۚ نَرْفَعُ دَرَجَاتٍ مَنْ نَشَاءُ ۗ وَفَوْقَ كُلِّ ذِي عِلْمٍ عَلِيمٌ
76. O, qardaşının yükündən əvvəl onların yüklərini axtarmağa başladı, sonra da piyaləni qardaşının yükündən çıxartdı. Biz Yusufa belə bir tədbir öyrətdik. Allahın istəyi olmasaydı, padşahın qanunlarına görə, o, qardaşını tutub öz yanında saxlaya bilməzdi. Biz istədiyimiz kəsi dərəcə-dərəcə yüksəldirik. Hər bilik sahibindən də üstün bir bilən vardır.
Təfsir
Carçı və onunla birgə gələn yoldaşları qardaşların yüklərini yoxlamaq üçün onları Yusifin yanına gətirdilər. Yusif etdiyi hiyləni qardaşları anlamasınlar deyə, doğma qardaşının yükünü yoxlamazdan əvvəl ögey qardaşlarının yüklərini yoxlamağa başladı, doğma qardaşının yükünü yoxladıqda, isə hökmdarın piyaləsini qardaşının yükündən çıxartdı. Biz Yusifə piyaləni doğma qardaşının yükünün arasına qoymağı öyrətdiyimiz kimi, Misir diyarında Misir qanunları ilə deyil, əksinə, qardaşlarının yaşadıqları yerin hömkü ilə hökm verib, doğma qardaşını kölə götürməsini də ona öyrətdik. Əgər Yusif burada hökmdarın qanunları ilə hökm vermiş olsaydı, doğma qardaşını, Allahın istəyi istisna olmaqla, əsla kölə götürə bilməzdi, çünki hökmdarın qanunlarına əsasən, oğrunun cəzası döyülmək və cərimə ödəmək idi. Bu yalnız Allahın istəyi ilə oldu. O hər şeyə qadirdir. Biz Yusifin dərəcəsini yüksək məqamlara qaldırdığımız kimi, qullarımızdan istədiyimiz kəmsələrin də dərəcələrini yüksək məqamlara qaldırırıq. Hər bir bilik sahibindən daha çox bilən vardır. Bütün bilik sahiblərinin üzərində isə hər bir şeyi bilən Allahın elmi vardır.