Surə 11 · Cüz 12
Hud · 11:18
وَمَنْ أَظْلَمُ مِمَّنِ افْتَرَىٰ عَلَى اللَّهِ كَذِبًا ۚ أُولَٰئِكَ يُعْرَضُونَ عَلَىٰ رَبِّهِمْ وَيَقُولُ الْأَشْهَادُ هَٰؤُلَاءِ الَّذِينَ كَذَبُوا عَلَىٰ رَبِّهِمْ ۚ أَلَا لَعْنَةُ اللَّهِ عَلَى الظَّالِمِينَ
18. Allaha qarşı yalan uyduran kəsdən daha zalım kim ola bilər? Onlar Rəbbinin hüzuruna gətiriləcək və şahidlər: “Bunlar Rəbbinə iftira yaxanlardır”– deyəcəklər. Allahın lənəti olsun zalımlara!
Təfsir
Allaha şərik və ya övlad nisbət edərək Ona qarşı yalan uydurub, iftira yaxan kəsdən daha zalım kimsə yoxdur. Allaha qarşı yalan uydurub, Ona iftira yaxan kimsələr dünyada ikən etdikləri əməllər barədə, haqq-hesaba çəkilmək üçün Qiyamət günü Rəbbinin hüzuruna gətiriləcək və mələklərdən və peyğəmbərlərdən olan şahidlər: "Bunlar Allaha şərik qoşan və övlad nisbət edərək Allaha qarşı yalan uydurub, Ona iftira yaxan kimsələrdir" – deyəcəklər. Bilin ki, Allah, Ona qarşı yalan danışıb, iftira yaxaraq özlərinə zülüm edən kimsələri Öz rəhmətindən uzaqlaşdırmışdır!