Surə 74 · Cüz 29
Al-Muddaththir · 74:31
وَمَا جَعَلْنَا أَصْحَابَ النَّارِ إِلَّا مَلَائِكَةً ۙ وَمَا جَعَلْنَا عِدَّتَهُمْ إِلَّا فِتْنَةً لِلَّذِينَ كَفَرُوا لِيَسْتَيْقِنَ الَّذِينَ أُوتُوا الْكِتَابَ وَيَزْدَادَ الَّذِينَ آمَنُوا إِيمَانًا ۙ وَلَا يَرْتَابَ الَّذِينَ أُوتُوا الْكِتَابَ وَالْمُؤْمِنُونَ ۙ وَلِيَقُولَ الَّذِينَ فِي قُلُوبِهِمْ مَرَضٌ وَالْكَافِرُونَ مَاذَا أَرَادَ اللَّهُ بِهَٰذَا مَثَلًا ۚ كَذَٰلِكَ يُضِلُّ اللَّهُ مَنْ يَشَاءُ وَيَهْدِي مَنْ يَشَاءُ ۚ وَمَا يَعْلَمُ جُنُودَ رَبِّكَ إِلَّا هُوَ ۚ وَمَا هِيَ إِلَّا ذِكْرَىٰ لِلْبَشَرِ
31. Biz Cəhənnəm gözətçilərini yalnız mələklərdən etdik və onların sayını on doqquz etdik ki, bu, kafirlər üçün ancaq bir sınaq olsun, özlərinə Kitab verilənlər yəqinlik hasil etsinlər, iman gətirənlərin imanı artsın, Kitab verilənlər və möminlər haqqa şübhə etməsinlər və qəlblərində xəstəlik olanlar və kafirlər: “Allah bu məsəllə nə demək istəyir?”– desinlər. Allah istədiyi kimsəni belə azdırır, istədiyini də doğru yola yönəldir. Sənin Rəbbinin qoşunları barədə yalnız Özü bilir. Bu, bəşəriyyət üçün ancaq bir xatırlatmadır.
Təfsir
Biz Cəhənnəm gözətçilərini yalnız mələklərdən etdik. Bəşər övladının onlar gücü çatmaz. Biz o mələklərin sayını on doqquz etdik ki, bu, Allaha küfr edən kəslər üçün bir sınaq olsun, onlar deyəcəklərini desinlər, beləliklə də, əzabları qat-qat artsın, habelə, özlərinə Tövrat verilmiş yəhudilər, eləcə də, özlərinə İncil verilmiş nəsranilər öz kitablarında deyilənləri təsdiqləyən Quran nazil edildikdə, yəqinlik hasil etsinlər, üstəlik, Kitab əhli möminlərin əməlinə uyğun hərəkət etdikdə möminlərin imanı artsın, yəhudilər, nəsranilər və möminlər haqqa şübhə etməsinlər və imanlarında tərəddüd edən kəslər və kafirlər desinlər: "Allah bu məsəllə nə demək istəyir?" Bu sayı inkar edən kimsənin azması və onu təsdiqləyən kimsənin doğru yola gəlməsi kimi, Allah dilədiyi kimsəni azdırır, dilədiyini də doğru yola yönəldir. Sənin Rəbbinin qoşunlarının sayı o qədər çoxdur ki, onu yalnız pak və müqəddəs olan Rəbbin bilir. Cəhənnəm, bəşər övladı üçün bir xatırlama olub, beləliklə də insanlar, onun sayəsində Uca Allahın əzəmətini başa düşürlər.