Surə 2 · Cüz 2
Al-Baqarah · 2:213
كَانَ النَّاسُ أُمَّةً وَاحِدَةً فَبَعَثَ اللَّهُ النَّبِيِّينَ مُبَشِّرِينَ وَمُنْذِرِينَ وَأَنْزَلَ مَعَهُمُ الْكِتَابَ بِالْحَقِّ لِيَحْكُمَ بَيْنَ النَّاسِ فِيمَا اخْتَلَفُوا فِيهِ ۚ وَمَا اخْتَلَفَ فِيهِ إِلَّا الَّذِينَ أُوتُوهُ مِنْ بَعْدِ مَا جَاءَتْهُمُ الْبَيِّنَاتُ بَغْيًا بَيْنَهُمْ ۖ فَهَدَى اللَّهُ الَّذِينَ آمَنُوا لِمَا اخْتَلَفُوا فِيهِ مِنَ الْحَقِّ بِإِذْنِهِ ۗ وَاللَّهُ يَهْدِي مَنْ يَشَاءُ إِلَىٰ صِرَاطٍ مُسْتَقِيمٍ
213. İnsanlar tək bir ümmət idi. Allah onlara müjdə verən və qorxudan peyğəmbərlər göndərdi, onlarla birlikdə haqq olan kitab nazil etdi ki, insanların ixtilafa düşdükləri şeylərə dair onların arasında hökm versin. Halbuki kitab verilmiş şəxslər özlərinə açıq-aydın dəlillər gəldikdən sonra aralarındakı ədavət üzündən ixtilafa düşdülər. Allah isə Öz izni ilə iman gətirənləri ixtilafda olduqları məsələlərdə haqqa yönəltdi. Allah istədiyini düz yola yönəldər.
Təfsir
Şeytanlar insanları azdırana qədər o insanlar ataları Adəmin dinində, haqq üzərində həmrəy olan tək bir ümmət idi. Sonra onlar, mömin və kafir olmaqla iki qismə bölündülər. Elə buna görə də Allah, iman və itaət əhlinə və Allahın onlar üçün hazırladığını müjdə verən, kafirləri isə Allahın onlar üçün hazırladığı şiddətli əzabla qorxudan peyğəmbərlər göndərdi və onlarla birlikdə içində heç bir şəkk-şübhə olmayan, yalnız haqq olan kitablar nazil etdi ki, insanlar arasında, onların ixtilafa düşdükləri şeylərə dair hökm versinlər. Halbuki Tövrat barədə yalnız özlərinə Tövratdan elm verilmiş yəhudilər özlərinə zülm edərək, onlara Tövratın haqq və Allah tərəfindən olmasına dair, həmçinin, Tövrat barədə ixtilaf etməyin caiz olmamasına dəlalət edən açıq-aydın dəlillər gəldikdən sonra ixtilafa düşdülər. Allah isə Öz izni və istəyi ilə möminləri doğru yolu azğınlıqdan ayırd etməyə müvəffəq etdi. Allah istədiyi kimsəni heç bir əyriliyi olmayan düz yola yönəldər. Bu da iman yoludur.